Həyəcan başlayır!

Ana səhifə Haqqımızda Abunə və Reklam Multi-Media Arxiv
Qəzetimizin son nömrəsi
   Ölkə Futbolu
   Ölkə İdmanı
   Dünya Futbolu
   Dünya İdmanı
   Klublar
   Premyer Liqa
   Müsahibə
   Köhnə Dünya
   Gündəm
   DÇ-2010
   Türkiyə
   Araşdırma
   Forum
 





Quti “Beşiktaş”la 2 illik rəsmi müqavilə bağladı! ( 2010-07-28 )

Cari mövsümlərarası fasilənin “transfer çempionu” “Beşiktaş” Rikardo Kuarejmadan sonra daha böyük “bombanı partladıb”. Belə ki, uzun müddətdir danışıqlar aparılan Quti nəhayət srağagün İstanbula gəlib. Atatürk Hava Limanında 500-ə yaxın azarkeş tərəfindən böyük coşqu ilə qarşılanan 33 yaşlı ulduz futbolçu prezident Yıldırım Dəmirörənin şəxsi təyyarəsi ilə İspaniyaya gedən rəhbər şəxslərdən Sərdal Adalı və Cengiz Zülfiqaroğlu ilə birlikdə İstanbula gəlib. Keçmiş “Real”lı hava limanına “Beşiktaş”ın formasında enib. Ciddi təhlükəsizlik tədbirlərinin götürüldüyü hava limanından ayrılan oyunçu daha sonra qalacağı “Sviss” otelinə gedib. Bundan sonra rəhbərliklə yemək yeyən Qutinin “Beşiktaş”la 2 illik müqavilə bağladığı və illik maaşının 2,7 milyon avro olacağı ictimaiyyətə açıqlanıb.

“Azarkeşlər üçün oynayacağam”
“I Love You Guti” və “çempion et bizi” şüarları ilə qarşılandıqdan sonra ürək sözlərini deyən ispaniyalı yarımmüdafiəçi bunları söyləyib: “Beşiktaş”lı azarkeşlərin çılğın olduqlarını bilirdim. Mənim coşqu ilə qarşılanacağımı demişdilər. Amma bu qədərini gözləmirdim. Komandanı çox sevirlər. Onlar üçün oynayacağam. “Beşiktaş” rəhbərliyinin təklifi məni çox sevindirdi. Almaniyalı məşqçi Bernd Şusterin də burada olması keçidimə böyük təsir göstərdi. “Real”da keçirdiyim 15 ildə çox kubok qazanmışam. İndi də kuboklar üçün yarışan bir kluba gəlmişəm. Madriddəki kimi, “Beşiktaş”da da kubokları başım üzərinə qaldırmaq istəyirəm”.

Şou davam etdi
İspaniyalı futbolçu dünən səhər saatlarında tibbi müayinədən keçib və heç bir probleminin olmadığı açıqlanıb. Kuarejma kimi, onun üçün də xüsusi təqdimetmə mərasimi təşkil edilib. Quti “İsmət İnönü” stadionunda azarkeşlərin gözü önündə müqavilə imzalayıb. Stadionda demək olar ki, boş yer yox idi. Stadiona girişin pulsuz olması da bunda böyük rol oynayıb. Dünən gecə saat 22:00-da başlanan tədbirdə əvvəlcə 2 illik rəsmi müqaviləyə qol çəkən veteran futbolçu daha sonra topla şoular göstərdi.

Quti getsə, 5,4 milyon avro təzminat ödəyəcək
Qutinin müqaviləsinə təzminat maddəsi qoyulub. “Beşiktaş” ispaniyalı futbolçunun transfer vərəqəsi üçün Madrid klubuna pul verməsə də, yeni müqaviləsinə 5,4 milyon avroluq təzminat maddəsi yerləşdirib. Quti “ağ-qaralı” klubla müqaviləsi davam edə-edə başqa kluba keçərsə, bu məbləğı “Beşiktaş”a ödəmək məcburiyyətində olacaq.

Forma satışa çıxarıldı
Qutinin formaları artıq satışa çıxarılıb. Rəsmi internet səhifəsində verilən açıqlamada azarkeşlərin 14 nömrəli formaları “Qartal Yuvası” və “www.kartalyuvasi.com.tr” internet adresindən ala biləcəkləri bildirilib. Onu da qeyd edək ki, “Beşiktaş”a gedəcəyi dəqiqləşdikdən sonra İspaniyanın məşhur “Marca” qəzeti Qutinin “Real”dan ayrılmasına xüsusi 12 səhifəlik əlavə nəşr çap etdirərək, oxuyucularına təqdim edib.

Növbədə hücumçu var
Qutinin transferi ilə “Beşiktaş”dakı əcnəbi oyunçuların sayı 12-yə çatıb. Amma “ağ-qaralılar” bununla kifayətlənməyəcəklər. Belə ki, rəhbərlik hücum xəttinə də bir ulduz futbolçu qatdıqdan sonra əcnəbi transferinə yekun vuracaq. Gündəmdəki futbolçu isə Robinyodur. Bir hücumçunun da alınacağını nəzərə alsaq, “Beşiktaş” heyətdəki əcnəbilərdən daha 3-ü ilə sağollaşmalı olacaq. Rodriqo Tello artıq “Eskişehirspor”a satılıb. “Qara siyahı”dakı oyunçular isə Mixael Fink, Matias Delqado, Filipp Holoşko, Matteo Ferrari, Tomas Zapotoçnı və yeni transfer Roberto Hilbertdir. Yəni adıçəkilən futbolçulardan 3-ü “Beşiktaş”ı tərk edəcək. Braziliyalı hücumçu Bobo üçün sərfəli təklif gəlsə, onun da satılması gündəmə gələ bilər.

Delqadonun məsələsinə bu gün aydınlıq gətiriləcək
Qutinin gəlişi ilə pleymeyker problemini də həll edən “Beşiktaş” bu mövqedə çıxış edən argentinalı Matias Delqado ilə yollarını ayıra bilər. Avropanın bir neçə ortabab klubundan təklif alan sabiq kapitanın satılıb-satılmamasına bu gün keçiriləcək klubdaxili iclasdan sonra aydınlıq gətiriləcək. İclasa Delqadonun menecerliyini edən atası Eduardo Qonzales də qatılacaq. Bu məqsədlə o, artıq İstanbula gəlib. Bir müddətdir oğluna Avropada klub axtaran ata Delqado “Xetafe” və “Bazel”in təklifləri arasında seçim etmək fikrindədir. O, bununla bağlı “Beşiktaş” rəhbərliyini də məlumatlandıracaq.

“Eskişehirspor” indi də Zapotoçnıya “elçi düşüb”
Son iki ildə “Beşiktaş”dan 3 oyunçu alan “Eskişehirspor” diqqətini yenə bu klubun oyunçusuna yönəldib. Bir neçə gün əvvəl Rodriqo Tello ilə güclənən klub indi də müdafiəçi Tomas Zapotoçnını “qaralayıb”. “Es-Es” məhz çexiyalını da aldıqdan sonra transfer çalışmalarını yekunlaşdırmaq fikrindədir. ötən mövsümü icarə əsasında “Bursaspor”da keçirən Zapotoçnının da rəhbərlik tərəfindən transferə çıxarılması onun “Eskişehirspor”a keçmək ehtimalını artırır.

Nihat keçmiş klubuna qarşı
“Beşiktaş”la bağlı daha bir xəbəri nəzərinizə çatdırırıq. “Qara qartal”ın rəsmi internet saytının dünən yaydığı məlumata görə, komanda İspaniya klubu “Vilyareal”la yoldaşlıq görüşü keçirəcək. Sən demə, hələ ötən il Nihat Kahvecinin transferi zamanı bu klublar yoldaşlıq görüşü keçirməyə razılaşmışdılar. Amma müxtəlif səbəblərdən bu oyun yubanırdı. Nəhayət, avqustun 8-də birillik həsrətə son qoyulacaq və Nihat keçmiş klubuna qarşı çıxış edəcək. Oyun günü Vilyareala gedəcək “Beşiktaş” cəbhəsi matçdan dərhal sonra da İstanbula qayıdacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.

      
Bu xəbər 62 dəfə oxunub.
 
Yazarlar
Futbol, yoxsa “top-top”
Ürfan Məmmədli 
 
Baş məşqçinin anlamadığı şey - dua
Enes Cansever 
 
“Bakı” növbəti zərbəni Salyanda aldı
Anar Xanlarov 
 
Bəlkə “Qarabağ”ı milliləşdirək?
Asif Vahidoğlu 
 
“Türkiyələşən” mətbuatımız
Ruslan Sadıqov 
 
Cabbarovun məntiqi, yaxud özünəməxsus uzaqlaşdırma
Elgiz Abbasov 
  


Ən çox oxunanlar
İstifadə müddəti başa çatan “ulduzlar”
“Fənərbağça”nın “100-ü” güldü
Ermənilərə qarşı oyunda millimizi gözləyən təhlükə
“NEFTÇİ” ÇEMPİON!!!
Proqnozlarımızı alt-üst edən xoş sensasiya
“Xəzər-Lənkəran” sindromu qırdı
Baş məşqçinin anlamadığı şey - dua
Samir Əliyevin 90 dəqiqəsi
Futbolumuzda Ronaldinyolar yetişə bilər. “Çempion” qəzetinin AFFA və AGİN-ə müraciəti
İfrat legionerləşməyə aparan yolumuz
 

Copyright © 2007 Champion
Proqramçı Tərlan Mahmudov