
“Fənərbağça”nın transfer siyahısında ilk sırada yer alan qanalı hücumçu Asamoa Qyanın keçidinə maneə yaranıb. Problem “Renn”in prezidentindən qaynaqlanır. Belə ki, Fransanın ən varlı iş adamları arasında göstərilən Patrik Le Lay öz övladı kimi gördüyü və çox sevdiyi Qyanı satmağa heç cür razı deyil. Dünya çempionatında sərgilədiyi gözəl oyunla diqqətləri öz üzərinə çəkən və Avropanın bir çox klubunun transfer siyahısına düşən qanalı hücumçu ilə hər mövzuda razılaşan “Fənərbağça” Lay əngəlini keçə bilmir ki, bilmir. Qyanın “Mən “Fənərbağça”da oynamaq istəyirəm” deməsinə və bu futbolçu üçün astronomik rəqəmlər təklif edilməsinə rəğmən, geri addım atmayan “Renn”in prezidentini indi bir yandan “Fənərbağça” rəhbərliyi, digər tərəfdən də qanalı ulduz razı salmağa çalışır.
Bu xəbər 42 dəfə oxunub. |