 Dünya çempionatında fantastik çıxış sayəsində Avropanın nəhəng klublarının maraq dairəsinə düşən Almaniya yığmasının yarımmüdafiəçisi Məsut özil uğrunda mübarizə getdikcə qızışır. Demək olar ki, bütün böyük klubların gündəmində olan gənc futbolçunu klubu “Verder” isə heyətdə saxlamağa çalışır. Almaniya KİV-nin yaydığı informasiyaya görə, 21 yaşlı pleymeyker elə “Verder”də də qalacaq. Ancaq cəmi bir mövsüm. Belə ki, Məsut klub rəhbərliyi ilə görüşərək gələn mövsüm “Bavariya”ya keçmək istədiyini bildirib. Əgər bremenlilər onun bu istəyini qəbul etsələr, Məsut “Bavariya”ya havayı başa gələcək. çünki onun “Verder”lə müqavilə müddəti gələn ilin yayında başa çatacaq. Almaniyalı həmkarlarımız futbolçunun hətta “Bavariya” ilə anlaşdığını da iddia ediblər. Xatırladaq ki, Məsut özil 2008-ci ildən “Verder”in şərəfini qoruyur. O, bu klubun heyətində 71 oyun keçirib, 13 qol vurub.
Allofs: “Məsutu sata bilərik” “Verder”in baş meneceri Klaus Allofs isə Məsutu hətta bu yay sata biləcəklərini də istisna etməyib. O, istedadlı oyunçunu əvvəlcə klubda saxlamağa çalışacaqlarını vurğulayıb: “Biz Məsutla uzunmüddətli müqavilə bağlamaq istəyirik. Amma futbolçu ilə bu yöndə danışıqlarımız müsbət nəticə verməsə, digər varianta əl atmalı olacağıq. Yəni onu sata bilərik”.
Müller 10 illik müqavilə istəyir “Bavariya”dan söz düşmüşkən, Münxen klubunun hücumçusu Tomas Müller yeni müqavilə bağlamağa razıdır. “Bavariya” rəsmiləri bu günlərdə ona yeni müqavilə təklif edəcəklərini bəyan etmişdilər. Müller isə hətta 10 illik müqavilə imzalamağa da hazırdır: “Mənim məqsədim “Bavariya”da qalmaq və futbolu bu klubun heyətində bitirməkdir. Klubumla yeni 10 illik müqavilə bağlasam, çox sevinərəm. Belə bir təklif gözləyirəm”. Əlavə edək ki, Müllerin “Bavariya” ilə müqavilə müddəti 2013-cü ilə qədərdir.
Bu xəbər 81 dəfə oxunub. |