Həyəcan başlayır!

Ana səhifə Haqqımızda Abunə və Reklam Multi-Media Arxiv
Qəzetimizin son nömrəsi
   Ölkə Futbolu
   Ölkə İdmanı
   Dünya Futbolu
   Dünya İdmanı
   Klublar
   Premyer Liqa
   Müsahibə
   Köhnə Dünya
   Gündəm
   DÇ-2010
   Türkiyə
   Araşdırma
   Forum
 





Əcnəbi məşqçilər mundiallarda niyə uğur qazana bilmirlər? ( 2010-07-16 )
Hazırda bütün dünyada əcnəbi məşqçilərə güvənmək adi hal alıb. Bir çox hallarda həmin mütəxəssislər özlərini doğruldurlar. Bu sözləri daha çox klub futboluna aid etmək olar. Təkcə çempionlar Liqasının finalında portuiqaliyalı Joze Mourinyonun rəhbərlik etdiyi “İnter”lə hollandiyalı Lui van Qalın “Bavariya”sının qarşılaşdığını unutmayaq. Birinci hazırda İspaniyanı təmsil edən Madrid “Real”ına keçib. Və ya başqa misal. İngiltərədə şotland Aleks Ferqyuson (“Mançester Yunayted”), italyan Karlo Ançelotti (“çelsi”), fransız Arsen Venger (”Arsenal”) dominantlıq edirlər. Belə misalları çox çəkmək olar. Amma bütün bunları yığma komandalara aid etmək mümkün deyil. Bir az da konkretləşdirsək, dünya çempionatlarında əcnəbi məşqçilər nadir hallarda uğur qazanırlar.

Bir qədər statistika
Cari çempionatı da saymaq şərti ilə indiyə qədər 19 mundial keçirilib. Bu yarışlarda 57 medal dəsti sahiblərini tapıb (1966-cı ildə ingilislər 4-cü yeri tutanlar üçün də bürünc medal hazırladıqlarından, SSRİ və həmin vaxt bu millinin şərəfini qoruyan həmyerlimiz Anatoli Banişevski də yarışı medalsız tərk etməmişdi). Maraqlıdır ki, indiyə qədər bir dəfə də olsun, çempionluğu qazanan komandanı əcnəbi məşqçi çalışdırmayıb. Daha bir maraqlı fakt - Braziliya, Almaniya, İtaliya, Argentina, Fransa və Uruqvay yığmaları bütün medallarını yerli məşqçilərin rəhbərliyi altında qazanıblar. ümumiyyətlə, əcnəbi mütəxəssislər 1978-ci ildən bəri cəmi bir dəfə medal qazana biliblər. Son 3 mundialda isə belə nəticə qeydə alınmayıb. Maraqlıdır ki, Qus Hiddink, Luis Felipe Skolari, Fabio Kapello kimi məşqçilər də digər yığmaların sükanı arxasında uğur qazana bilməyiblər.

Yalnız 6 istisna var
1930-cu ildən bəri turnirlərdə bir çox əcnəbi məşqçilər meydançaya komanda çıxarıblar. Onlardan ilk uğur qazanan ingilis Corc Raynor olub. 1950-ci ildə o, İsveç yığmasının sükanı arxasında idi. Ardıcıl iki dəfə çempion olan İtaliyaya mundiallar tarixində ilk məğlubiyyəti yaşadan “tre krunur” qrupu lider kimi başa vurdu. İsveç final qrupunda Uruqvay və Braziliyaya məğlubiyyətlərdən sonra İspaniyaya qalib gələrək, bürünc medal qazandı. 8 il sonra yenə Raynorun rəhbərlik etdiyi isveçlilər öz vətənində təşkil olunan turnirdə əla çıxış etdilər. Lidholm, Qren, Hamrin kimi ulduzlara malik olan skandinavlar qrup mərhələsini asanlıqla keçdilər. Ardınca SSRİ-ni sıradan çıxaran isveçlilər yenə son çempion AFR-ə qalib gəldilər. Lakin finalda ulduzlar yığını olan Braziliya 5:2 hesablı qələbə qazandı. Yeri gəlmişkən, Raynor ilk dəfə medal qazanmış əcnəbi məşqçi kimi tarixə düşüb. 4 il sonra çexoslovakiya yığması çoxlarını təəccübləndirdi. Avstriyalı Rudolf Vittaçilin rəhbərlik etdiyi yığma yaxşı çıxış edərək, finala yüksəldi. Vittaçil də Raynor kimi, Braziliyanın öhdəsindən gələ bilmədi. 1966-cı ildə lideri Eysebio olan Portuqaliya yığması yüksək səviyyəli çıxışı ilə diqqət çəkirdi. Otto Qloriya qrupda həmvətənləri Braziliyaya qalib gələrək, onları evlərinə göndərdi. Güclü Macarıstan da onların qarşısında tab gətirmədi. Sonda Qloriyanın rəhbərlik etdiyi pireneylilər bürünc medalı boyunlarından asdılar. Növbəti uğuru 12 il gözləmək lazım gəldi. 1978-ci ildə Hollandiya yığması mundiala Kroyffsuz və əfsanəvi məşqçi Rinus Mixelsiz yollandı. “Narıncılar”ın necə çıxış edəcəyi maraq doğururdu. Avstriyalı Ernst Happelin rəhbərlik etdiyi hollandlar ilkin qrup mərhələsini çətinliklə keçdilər. İkinci qrup mərhələsində əla çıxış edən Happelin yetirmələri Avstriya və İtaliyaya qalib gələrək, AFR-lə xalları yarı böldülər. Finalda isə meydan sahibləri Argentina qələbə qazandı. 20 ildən sonra bu dəfə Xorvatiya yığması əla çıxış etdi. Bosniya və Herseqovinalı Miroslav Blajeviçin rəhbərlik etdiyi yığma qrup mərhələsini çətinlik çəkmədən keçdi. Növbəti mərhələdə onlar rumınlarla qarşılaşdılar. Həmin vaxt George Hacinin lider olduğu şərqi avropalılar qrupda ingilisləri arxada qoyub növbəti mərhələyə çıxmışdılar. Lakin xorvatlar onları məğlub etdilər. 1/4 finalda isə Almaniyaya 3:0 hesabı ilə qalib gələrək, baş məşqçi Berti Foqtsu istefaya göndərdilər. Yarımfinalda Fransaya uduzmasına baxmayaraq, üçüncü yer uğrunda Hollandiyaya qalib gələn Blajeviçin yetirmələri bürünc medal qazandılar. Bu, əcnəbi məşqçilərin qazandığı son uğur olaraq qalır...

Bu mundialda nə oldu?
Budəfəki çempionatda 12 komanda əcnəbi məşqçinin rəhbərliyi altında meydançaya çıxdı. Maraqlıdır ki, onların içində yalnız Honduras yığmasından heç nə gözlənilmirdi. Kolumbiyalı Reynaldo Ruedanın rəhbərlik etdiyi yığma qrupu qol vurmadan tərk etməklə, fikirlərin doğru olduğunu göstərdi. Lakin digər yığmalardan daha yüksək nəticə gözlənilirdi. Amma sən saydığını say, gör hadisələr necə cərəyan edir. Alman Otto Rehagelin rəhbərlik etdiyi yunanlar qrup səddini aşmaq gücündə olmadılar. Nigeriya (Lars Laqerbak, İsveç) və Kamerunun (Pol Le Quen, Fransa) çıxışı isə əsl biabırçılıq idi. Bu komandalara rəhbərlik edən təcrübəli məşqçilər də istənilən nəticəni vermədilər. Afrikanı təmsil edən hər iki yığma qrupu qələbəsiz tərk etdi. Meydan sahibi olan CAR (Karlos Alberto Pereyra, Braziliya) və Afrikanın digər təmsilçisi Kot d'İvuar (Sven Yoran Erikson, İsveç) 4 xal yığsalar da, qrupu aşa bilmədilər. Belə götürsək, Afrikanı təmsil edən 6 yığmadan 5-də əcnəbilər işləyirdi. Onların ümumi uğursuzluğunu əcnəbilərin ayağına yazmaq mümkündür. Avstraliya (Pim Verbek, Hollandiya) və İsveçrə (Otmar Hitsfeld, Almaniya) də 4 xal toplasalar da, qrupda qalmalı oldular. Fabio Kapellonun rəhbərlik etdiyi ingilislərdən böyük uğur gözlənilsə də, bu, baş vermədi. İtalyan mütəxəssisin yetirmələri sönük futbol müqabilində 1/8 finalla kifayətlənməli oldular. Bu yığmalara nisbətən gənc oyunçulara sahib olan çilinin 1/8 finalda uduzmasını belə, uğur saymağa dəyər. Hər halda, argentinalı Marselo Byelsanın komandasını tərifləməək mümkündür. Digər iki əcnəbinin rəhbərlik etdiyi yığmalar yarımfinalın astanasında dayandılar. ümumiyyətlə, yaxşı oyun nümayiş etdirən Paraqvay (Xerardo Martino, Argentina) ispanlara qarşı əla oynadı. Penaltini vura bilməmək isə onların “dördlüyə” düşmək şanslarını məhv etdi. Qana (Milovan Rayevats, Serbiya) da eyni aqibəti yaşadı. Qyanın oyunun gedişində, digərlərinin isə oyunsonrası penaltilər zamanı penaltidən yararlana bilməməsi afrikalıların ilk dəfə yarımfinala çıxmaq şanslarını puça çıxardı. Yerli məşqçilərin rəhbərlik etdiyi yığmalar isə daha yaxşı təsir bağışladılar. 1/8 finalda 16 komandadan 12-si, 1/4 finalda 8 yığmadan 6-sı yerli mütəxəssislərin rəhbərlik etdiyi millilər idi. Ən güclü “dördlük”də yer alan İspaniya, Hollandiya, Almaniya və Uruqvayı da yerli mütəxəssislər çalışdırırdılar...

      
Bu xəbər 55 dəfə oxunub.
 
Yazarlar
Futbol, yoxsa “top-top”
Ürfan Məmmədli 
 
Baş məşqçinin anlamadığı şey - dua
Enes Cansever 
 
“Bakı” növbəti zərbəni Salyanda aldı
Anar Xanlarov 
 
Bəlkə “Qarabağ”ı milliləşdirək?
Asif Vahidoğlu 
 
“Türkiyələşən” mətbuatımız
Ruslan Sadıqov 
 
Cabbarovun məntiqi, yaxud özünəməxsus uzaqlaşdırma
Elgiz Abbasov 
  


Ən çox oxunanlar
İstifadə müddəti başa çatan “ulduzlar”
“Fənərbağça”nın “100-ü” güldü
Ermənilərə qarşı oyunda millimizi gözləyən təhlükə
“NEFTÇİ” ÇEMPİON!!!
Proqnozlarımızı alt-üst edən xoş sensasiya
“Xəzər-Lənkəran” sindromu qırdı
Baş məşqçinin anlamadığı şey - dua
Samir Əliyevin 90 dəqiqəsi
Futbolumuzda Ronaldinyolar yetişə bilər. “Çempion” qəzetinin AFFA və AGİN-ə müraciəti
İfrat legionerləşməyə aparan yolumuz
 

Copyright © 2007 Champion
Proqramçı Tərlan Mahmudov